Azərbaycan Karate Federasiyasının təşkilatçılığı və dəvəti ilə 12-14 dekabr 2025-ci il tarixlərində keçirilən XXXIII Ümumrespublika Texniki Seminarı və İmtahanı başa çatıb.
IX dan qara kəmər sahibi, şotokan karate üzrə dünya şöhrətli ustad Hitoşi Kasuyanın rəhbərliyi ilə təşkil olunan seminarda şotokan karatenin texniki xüsusiyyətləri, müasir məşq metodikaları, beynəlxalq yarış və imtahan standartları iştirakçılara ətraflı şəkildə izah olunub.
Seminar zamanı daha bir əlamətdar hadisə baş verib. Dünya Şotokan Karate-do Federasiyası (WSKF) tərəfindən təsis edilmiş “Dünya Çempionları Klubu”nun xüsusi medalı ilə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, vitse-prezidentlər Fizuli Musayev və Rəhman Hətəmov, eləcə də AKF -in Texniki və Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi təltif olunublar.
Qeyd edək ki, bu nüfuzlu mükafat dünya çempionu olmuş və hazırda da ölkəmizdə şotokan karate növünün inkişafı, onun beynəlxalq standartlara uyğun şəkildə təbliği, gənclər arasında bu idman növünə marağın artırılması, eləcə də Azərbaycan karatesinin beynəlxalq arenada layiqincə təmsil olunması istiqamətində uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə təqdim edilib.
Dünya Şotokan Karate-do Federasiyası (WSKF) tərəfindən verilən bu yüksək qiymət Azərbaycan Karate Federasiyasının beynəlxalq idman ictimaiyyəti ilə sıx əməkdaşlığının və ölkəmizdə karate idmanının davamlı inkişafının bariz göstəricisi kimi dəyərləndirilir.
Ümumilikdə seminarda 300-ə yaxın idmançı və məşqçi iştirak edib, 40 -a yaxın şəxs isə kəmər dərəcələrini beynəlxalq tələblərə uyğun şəkildə yüksəldib.
