ABŞ ordusu gələcək müharibələr üçün qan təchizatını əsas problem kimi görür. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, ABŞ ordusu bu istiqamətdə yeni texnologiyalar üzərində işləyir.
Xüsusilə DARPA tərəfindən hazırlanan layihə döyüş bölgəsində istifadə oluna bilən “toz qan” konsepsiyasını gündəmə gətirib. Bu texnologiya steril su ilə qarışdırılaraq qısa zamanda istifadəyə hazır hala gəlir və əsgərlərin həyatını xilas etməyi hədəfləyir.
Mütəxəssislərə görə, bu sistem oksigen daşıyan süni hemoglobin əsaslı hissəciklərdən ibarətdir və illərlə saxlanıla bilir. Ən böyük üstünlüyü isə bütün qan qrupları ilə uyğun olmasıdır. Bununla belə, “toz qan” real qanı tam əvəz etmir, yalnız kritik anda orqanizmi oksigenlə təmin edir.
Alimlər hesab edir ki, bu yenilik təkcə müharibədə deyil, zəlzələ və digər fövqəladə hallarda da həyat qurtaran texnologiyaya çevrilə bilər. Lakin geniş istifadə üçün onun təhlükəsizliyi və istehsal imkanları ilə bağlı ciddi sınaqlar hələ qarşıdadır.
//Nəzər.Media
