BMT-nin Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasında çıxış edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Baş katib Hörmüz boğazında yaranan gərginliyin qlobal ticarətə ciddi zərbə vurduğunu bildirib.
O qeyd edib ki, dəniz yolları bu gün beynəlxalq nizam üçün sınağa çevrilib və geosiyasi gərginliklər ticarət axınını təhlükə altına salır.
Quterreş vurğulayıb ki, mart ayından etibarən Hürmüz Boğazı üzərindən keçən gəmi hərəkətindəki ləngimə enerji təhlükəsizliyi və ərzaq təchizatına mənfi təsir göstərir. Onun sözlərinə görə, bu vəziyyət milyonlarla insanı, xüsusilə Afrika və Cənubi Asiyada, aclıq və yoxsulluq riski ilə üz-üzə qoyur.
BMT baş katibi tərəflərə çağırış edərək boğazın açılmasını, gəmilərin heç bir ayrı-seçkilik və əlavə ödəniş olmadan keçidinə icazə verilməsini istəyib. O, həmçinin beynəlxalq hüquqa hörmət və dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
//Nəzər.Media
