“Pasiyent təhlükəsizliyi insanın harada yaşamasından asılı olmayaraq, həyat boyu müasir, keyfiyyətli və davamlı tibbi yardım ala bilməsidir. İstər paytaxtda, istər böyük şəhərdə, istərsə də ucqar regionda yaşasın – yaşayış yeri insanın aldığı müalicənin keyfiyyətini müəyyən etməməlidir”.
Bu fikirləri Azərbaycan Talassemiya Federasiyasının sədri, ictimai xadim, pasiyent hüquqlarının müdafiəçisi və qan donorluğu üzrə rekruter Nailə Quliyeva 17 sentyabr – Ümumdünya Pasiyent Təhlükəsizliyi Günü ilə bağlı açıqlamasında bildirib.
Nailə Quliyeva qeyd edib ki, 2026-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ümumdünya Pasiyent Təhlükəsizliyi Gününü – “World Patient Safety Day”i qeyri-infeksion xəstəliklər zamanı tibbi yardımın təhlükəsizliyinə həsr edib. Bu ilin şüarı “Safe care for life!” – “Həyat boyu təhlükəsiz tibbi yardım!” çağırışıdır.
Onun sözlərinə görə, ÜST xroniki xəstəliklərlə yaşayan insanların uzun illər, bəzən isə bütün həyatları boyu müalicə və tibbi nəzarətə ehtiyac duyduqlarını vurğulayır. Buna görə də tibbi yardımın davamlılığı, düzgün koordinasiyası və təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır:
“Bir pasiyent hüquqlarının müdafiəçisi kimi bu mövzu mənim üçün xüsusi əhəmiyyət daşıyır. Uşağa ömür boyu müalicə və tibbi nəzarət tələb edən xəstəlik diaqnozu qoyulduqda bütün ailə üçün həyatın yeni mərhələsi başlayır. Valideynlərin ilk suallarından biri budur: övladımız üçün zəruri müalicə varmı və bu müalicə yalnız bu gün deyil, gələcəkdə də əlçatan olacaqmı?”
Federasiya sədri Beynəlxalq Talassemiya Federasiyasının (TIF) bu gün yayımladığı müraciətə də diqqət çəkib. Bildirib ki, talassemiya və digər hemoqlobinopatiyalarla yaşayan insanlar üçün təhlükəsizlik müalicənin hər bir mərhələsinin ayrılmaz hissəsi olmalıdır. Bu, hər bir qan transfuziyasına, dərman təyinatına, diaqnostik müayinəyə, mütəxəssisə yönləndirməyə və sonrakı tibbi müşahidəyə aiddir:
“Təhlükəsiz tibbi yardım eyni zamanda məlumatlandırılmış pasiyent, dəstəklənən tibb mütəxəssisləri və riskləri vaxtında müəyyən edərək qarşısını almağa çalışan koordinasiyalı səhiyyə sistemi deməkdir. Pasiyent məlumatlandırılmalı, dinlənilməli və müalicəsinin hər mərhələsində prosesə cəlb olunmalıdır.
TIF-in bugünkü çağırışında deyildiyi kimi, təhlükəsiz tibbi yardım imtiyaz deyil, hüquqdur və bu hüquq həyat boyu təmin edilməlidir”.
Nailə Quliyeva bu prinsipin regionlarda yaşayan pasiyentlər üçün də eyni dərəcədə keçərli olmasının vacibliyini vurğulayıb:
“Hazırlıqlı mütəxəssislər və lazımi şərait olduğu halda, pasiyent yaşadığı ərazidə ala biləcəyi tibbi yardım üçün daim yüzlərlə kilometr yol qət edərək Bakıya gəlmək məcburiyyətində qalmamalıdır.
Yüksək keyfiyyətli tibbi yardım yalnız göstəricilərdə, hesabatlarda və məruzələrdə deyil, real həyatda öz əksini tapmalıdır. Pasiyent bunu öz müalicəsinin keyfiyyətində və nəticəsində hiss etməlidir”.
Pasiyentlərin problemlərinin açıq müzakirəsinin əhəmiyyətindən danışan federasiya sədri bu məsələlərin həlli üçün dövlət və tibb qurumları ilə davamlı əməkdaşlığın zəruri olduğunu bildirib:
“20 ildən artıq ictimai fəaliyyətim ərzində bir şeyi aydın şəkildə anlamışam: pasiyentlərin problemləri haqqında danışmaq vacibdir. Onları dövlət və tibb qurumları ilə müzakirə etməli, həll yolları axtarmalı və pasiyentlərin keyfiyyətli və təhlükəsiz tibbi yardım almaq hüququnu müdafiə etməliyik”.
Nailə Quliyeva bugünkü paylaşımın bu mövzuda söhbətin başlanğıcı olduğunu, növbəti paylaşımlarda pasiyent təhlükəsizliyinin müxtəlif aspektlərinə daha ətraflı toxunulacağını da qeyd edib:
“Çünki qaldırdığımız hər bir məsələnin arxasında insan həyatı və sağlamlığı dayanır”.
Qeyd edək ki, Nailə Quliyeva 20 ildən artıqdır ki, talassemiya – irsi qan xəstəliyi ilə yaşayan insanların hüquq və maraqlarını müdafiə edir, müalicənin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı dövlət və tibb qurumları ilə əməkdaşlıq edir.
O, 2006–2015-ci illərdə iki dəfə Beynəlxalq Talassemiya Federasiyasının Direktorlar Şurasının üzvü seçilərək Azərbaycanı təmsil edib. Azərbaycanda korporativ qan donorluğunun inkişafına mühüm töhfə verib, şirkətləri, dövlət qurumlarını və müxtəlif təşkilatları könüllü qan donorluğu hərəkatına cəlb edib.



