Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Rəşid Məmmədəliyev bürünc medal uğrunda Braziliya təmsilçisi Daniel Karninlə üz-üzə gəlib. Gərgin keçən görüşdə Məmmədəliyev qələbə qazanaraq bürünc medal qazanıb.
-73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb. Rəşid Məmmədəliyev ilk görüşündə kanadalı Castin Lemirə, 1/8 finalda isə Böyük Britaniya təmsilçisi İtan Nernə qalib gələrək 1/4 finala yüksəlib.
Bu mərhələdə Fransa cüdoçusu Dayan Bulemtafesə məğlub olan Məmmədəliyev mübarizəni təsəlliverici görüşdə davam etdirib. O, italiyalı Leonardo Valerianini məğlub edərək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.
//Nəzər.Media
