Biz bir neçə gün sonra tarixi bir hadisəni, Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyini qeyd edəcəyik. “Əkinçi” qəzeti ilə başlanan yol o qədər hamar olmayıb. Milli mətbuatımızın 150 illik yolu həddindən artıq keşməkeşli olub.
150 il ərzində müstəqilliyin olmadığı dönəmlərdə şərəfli jurnalistlərimiz bir çox hallarda xalqımızın səsi olmağı bacarmışdı. 1991-ci ildə uca Tanrı qürurlu xalqımıza müstəqillik bəxş etdi. Müstəqilliyin birinci ili tamamlanmamışdı ki, AXC-Müsavat hökuməti dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirdi. Onların ölkəyə rəhbərlik etdiyi zamanda bütün sahələrdə olduğu kimi, media sahəsində də durğunluq, özbaşınalıq və geriləmə mövcud idi. Ölkənin demokratik olmasının güzgüsü onun mətbuatı sayılırdı. Ancaq özlərini demokrat adlandıran AXC-Müsavat hakimiyyəti dönəmində bütün sahələrdə olduğu kimi, media sahəsi də iflic vəziyyətdə idi. Yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra mətbuatımızın xoş günləri başladı. Əsil demokrat və söz azadlığına önəm verən Heydər Əliyev ölkəmizdə senzuranın ləğv edilməsini təmin etdi. 1998-ci ildə Ulu Öndərin sərəncamı ilə ölkəmizdə senzura ləğv edildi və Azərbaycanda söz və mətbuat azadlığının əsası qoyuldu. Heydər Əliyev daim jurnalistlərlə görüşər, onların peşə fəaliyyəti ilə yanaşı, sosial və məişət problemləri ilə maraqlanar və bu problemlərin həllində onlara dövlət dəstəyinin verilməsini təmin edərdi.
Ümummilli Lider Heydər Əliyevin xarici və daxili siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyev xalqımıza rəhbərlik etdiyi dönəmdən bütün sahələrdə olduğu kimi, mətbuata yanaşmada da Heydər Əliyev strategiyasını uğurla davam etdirdi. Cənab Prezident mətbuatımıza və ona qayğını atasından sanki bir miras kimi qəbul etmişdi. Məhz buna görə İlham Əliyev ölkəmizdə jurnalistlərin hər zaman birinci dostu kimi seçilir və hər zaman bu mövqeyini qoruyub saxlayır. Bu gün İlham Əliyevin qayğısı nəticəsində ölkəmizin mediası günü-gündən inkişaf edir. Bu təkcə media qurumlarının maddi-texniki bazasının inkişafı deyil, bu qayğının və dəstəyin dünyada alternativi yoxdur. Bu gün Azərbaycan dövləti, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan jurnalistinin sosial rifahının günü-gündən yaxşılaşması üçün addımlar atır, qanunlar hazırlayır.
Mətbuat işçilərimiz də dövlətin və cənab Prezidentimizin dəstək və qayğısını cavabsız qoymadı. Əsil Azərbaycan jurnalisti hər zaman olduğu kimi, şərəflə öz dövlətinə xidmət etdi. Jurnalistlərimiz Aprel döyüşlərindən, II Qarabağ müharibəsindən və Antiterror əməliyyatlarından üzüağ, alnıaçıq çıxmağı bacarmışdı. Sözün əsgərləri düşmənin cəmiyyətdə təşviş yarada biləcək saxta xəbərlərinə öz iti qələmləri ilə cavab verir, cəmiyyətimizin birlik və bərabərliyini, yüksək əhval-ruhiyyəsinin pozulmamasını təmin edirdi. Jurnalistlər sanki bu dönəmdə düşmən tərəfindən sızdırılmış saxta xəbərlərlə mübarizə apararaq əhalinin psixoloji vəziyyətinin keşiyini çəkirdi.
2021-ci ilin yanvar ayının 12-də isə Azərbaycanda mətbuatımızın inkişafına töhfə verən möhtəşəm bir hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Bu qurumun yaradılması mətbuatımızın inkişafı üçün atılan ən zəruri addımlardan biri idi. 2010-cu ildən sonra ölkəmizdə olan azad internetin sayəsində internet medianın inkişafı sürətləndi. Ancaq bu prosesin baş verməsi özlüyündə bəzi xoşagəlməz hallara və fəsadlara səbəb olurdu. Xüsusilə mediadan heç bir anlayışı olmayan və media ilə heç bir əlaqəsi olmayan şəxslər mətbuatımızda “jurnalist” kimi zühur etdi. Özlərini jurnalist kimi təqdim edən bu şəxslər reketçilik, dələduzluq edərək əsl mətbuat fədailərinin işlərini kölgədə qoyur, milli mətbuatımızın adına, jurnalistikanın adına xələl gətirirdilər, insanların Azərbaycan mətbuatına inamının azalmasına səbəb olurdular. Məhz Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılmasından sonra alağ otuna bənzəyən bu şəxslərin mətbuatımızdan qoparılaraq uzaqlaşdırılması prosesi başlandı və davam etdirilir. Taleyin xoş təsadüfüdür ki, “Əkinçi” ilə başlayan yolumuzu bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin vasitəsilə alağ otlardan təmizləyərək gülüstana çeviririk. Mən tam əminliklə deyə bilərəm ki, milli mətbuatımız bu gün özünün intibah dövrünü yaşayır.
// Nəzərbəy Hacıağayev, Nəzər.Media saytının Təsisçisi və Baş Redaktoru
