Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasına çağırıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tokayev İstanbul danışıqlarına yenidən qayıtmağın vacib olduğunu bildirib.
Tokayev bu fikirləri Vladimir Putinlə görüş zamanı səsləndirib. Putin isə məsələyə qısa cavab verərək vəziyyəti daha sonra izah edəcəyini deyib. Bir neçə saat sonra Kremlin sözçüsü Dmitri Peskov atəşkəsin hazırkı şəraitdə mümkün olmadığını açıqlayıb. O bildirib ki, Rusiya qarşıya qoyduğu məqsədlərə çatana qədər əməliyyatları davam etdirəcək. Ukrayna Prezidenti Volodimir Zelenski isə Putinin müharibəni bitirmək niyyətində olmadığını iddia edib. Zelenskinin sözlərinə görə, Rusiya yaxın aylarda yeni səfərbərlik elan edə bilər. Siyasi müşahidəçilər hesab edirlər ki, Moskva müharibəni dayandıracağı təqdirdə ciddi siyasi və iqtisadi nəticələrlə üzləşə bilər. Bu səbəbdən yaxın vaxtlarda sülh razılaşmasının əldə olunacağı ehtimalı zəif qiymətləndirilir.
//Nəzər.Media
