11-13 sentyabr tarixlərində “Sea Breeze” istirahət mərkəzində Azərbaycanda ilk dəfə olaraq çimərlik polosu üzrə beynəlxalq turnir keçiriləcək. Nəzər.Media xəbər verir ki, turnirdə Böyük Britaniya, İsveçrə, Rusiya və Azərbaycan idmançıları iştirak edəcəklər. Turnirdə ölkəmizi “Elite polo club” komandası təmsil edəcək. Bu gün təmsilçimizin “Binə Atçılıq Mərkəzi”ndə açıq məşqi olub.
Açıq məşq zamanı Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Elvin Məmmədxanov və “Elite polo club” komandasının kapitanı Elçin Camallı gələcək yarış haqqında təəssüratlarını jurnalistlərlə bölüşüblər.

Qurum rəsmisi Azərbaycanda keçiriləcək çimərlik polosu üzrə beynəlxalq turnirlə bağlı danışıb.
“Atçılıq idmanı Azərbaycanda sürətlə inkişaf edir. Uğurların səbəbi dövlətin böyük qayğısı, Prezident İlham Əliyevin bütün idman növləri ilə yanaşı, atçılığa da dəstəyidir. Bunun bariz nümunəsidir ki, ölkədə dünya və Avropa çempionatları, beynəlxalq turnirlər keçirilir. Sevindirici haldır ki, sentyabrın 11-13-də “Sea Breeze” istirahət mərkəzində çimərlik polosu üzrə ilk beynəlxalq turnir təşkil olunacaq. Dörd ölkənin iştirakı ilə möhtəşəm yarış keçiriləcək. Böyük Britaniyadan “Red Star”, İsveçrədən “Sankt-Morits”, Rusiyadan “Moscow polo club”, Azərbaycandan isə “Elite polo club” komandaları mübarizə aparacaqlar”, – deyə baş katib bildirib.
O, Azərbaycan poloçularının beynəlxalq arenadakı uğurlarını və yarışın əsas məqsədini diqqətə çatdırıb.
“Bu, poloçuların çimərlik polosu üzrə ilk turniridir. Lakin Azərbaycan komandası beynəlxalq yarışlarda böyük uğurlar əldə edib. Arena polosunda Avropa çempionu, böyük poloda iki dəfə Avropa ikincisi, İsveçrənin Sankt-Morits şəhərində keçirilən qarüstü poloda isə iki dəfə Dünya Kubokunun sahibi olublar. Yarışın keçirilməsində məqsəd bu idman növünə marağı artırmaq, gələcəkdə daha böyük klubları və iştirakçıları dəvət etməkdir”, – deyə Elvin Məmmədxanov bildirib.

“Hazırlıq yaxşı gedir, məşqlərimiz hər gün mütəmadi olaraq davam edir. Bu yarış üçün Argentinadan gətirilmiş atlar iştirak edəcək. Bu atların hamısını özüm seçmişəm. Yaxşı hazırlaşmışıq, özümüzü favorit görürəm. Biz artıq neçə ildir peşəkar şəkildə oynayırıq. Bildiyiniz kimi, 2015-ci ildə Azərbaycan tarixində ilk böyük nailiyyəti qazanmışıq – Avropa çempionu olmuşuq, Dünya kuboklarında qalib gəlmişik. Bu yarışa da yetərincə hazırıq. Qarşımızda böyük hədəflər var.”
Komandamızın kapitanı Argentinadan gələn atların üstün tərəflərindən də bəhs edib.
“Atların dırnaqlarına fikir versəniz, yer tutumu normal atlardan fərqlidir. Boyları qısa, amma dözümlülükləri, yəni stamina, bədənləri böyükdür. Bu, onların yerində dönüb qayıtmaq və sürət yığmaq imkanlarını artırır. Dünyanın hər bir yerində polo Argentina cinsləri ilə oynanılır. Düzdür, əvvəl də ölkəmizə polo atları gətirilib, amma onlar yaşlandığı üçün biz yeni atlar gətirdik ki, bu və növbəti yarışlar üçün istifadə olunsun. Bu atlar ot üstündə oynayıb, amma biz onları qum arenaları ilə tanış etmişik. Çünki dərhal otdan quma keçən atların əzələlərində və damarlarında travma ola bilər. Ona görə bu atlar yarışdan çox əvvəl gətirilib ki, burada qum üzərində məşq edib tam hazır olsunlar.”
Elçin Camallı turnirdə iştirak edəcək jurnalistlərə açıqlamasında turnirdə iştirak edəcək komandalar barədə fikrini bölüşüb.
“İsveçrənin “St. Moritz” komandasını yaxşı tanıyıram. Elə keçən ay müqavilə ilə həmin komandada oynamışam. Rusiyanın “Moscow” komandası əvvəl Azərbaycanda keçirilən yarışa gəlmişdi və onların üzərində qələbə qazanmışıq. Rəqibləri heç vaxt zəif görməmişik. Rəqibi zəif görən idmançı heç vaxt nailiyyət əldə edə bilməz.”
//Nəzər.Media
