Bu gün Bakıda Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işinə başlayıb. “Baku Marriott Hotel Boulevard”da keçirilən mötəbər tədbirin açılış mərasimində Avropa Atletikasının prezidenti Dobromir Karamarinov Azərbaycan Atletika Federasiyasını fəal tərəfdaş kimi qiymətləndirərək yüksək təşkilatçılığa görə təşəkkürünü bildirib. Gənclər və idman naziri Fərid Qayıbov bu cür tədbirlərin ümumi inkişaf yolunda mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Tədbir iştirakçılarını Bakıda görməkdən məmnun olduğunu qeyd edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov konfransın işinə uğurlar arzulayıb.
Açılış mərasimindən sonra Avropa Atletikasının CEO-su Kristian Milsin qurumun strateji yol xəritəsinin yenilənməsi, azarkeşlərin cəlb olunması və rəqəmsallaşma ilə bağlı yeni layihələrə dair təqdimatı baş tutub.
Ardınca Sloveniya, İspaniya və Danimarkadan olan nümayəndələr Avropa Atletikasının strateji yol xəritəsinin üzv federasiyalarda tətbiqi ilə bağlı çıxışlar ediblər.
Daha sonra liderlər üçün etika üzrə idarəetmə sessiyasında yarış manipulyasiyası, təhlükəsizlik və maraqlar toqquşmasının idarə olunması, həmçinin üzv federasiyalar üçün effektiv rəqəmsal transformasiya və data əsaslı monetizasiya strategiyaları müzakirə olunub.
Qeyd edək ki, 32 ölkədən 50 nümayəndənin qatıldığı konfransa sabah yekun vurulacaq.
