Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib. Azərbaycan Respublikası Atçılıq Federasiyasından Nəzər.Media saytına verilən məlumata görə budəfəki yarışda starta 5 Qarabağ və 5 Dilbaz atı çıxıb.
4 yaşlı Dilbaz atlarının handikap yarışı Orxan Hacıyevin qələbəsi ilə yekunlaşıb. O, 2000 metr məsafəni “Tomris” ləqəbli atla 2 dəqiqə 35,96 saniyəyə qət edib. Hilal Nəzərovun “Lavin” atı 2 dəqiqə, 42,78 saniyə nəticə ilə II, Sadiq Azayevin “Savaş”ı 2 dəqiqə 53,38 saniyə ilə III olub.
5 yaş və yuxarı Qarabağ atları da 2000 metr məsafəyə yarışıblar. Rauf Tahirov “Xatun” atı ilə finiş xəttini birinci keçsə də handikap qaydalarını pozduğu üçün onun nəticəsi sayılmayıb. Belədə qalib adını Hilal Nəzərovun çapdığı “Sultan” atı qazanıb. O, 2 dəqiqə, 28,60 saniyə nəticə göstərib. Bu nominasiyada 2 dəqiqə, 45,95 saniyə ilə Albina Həsənovanın “Dəmirçi” atı II, 2 dəqiqə 47,12 saniyə ilə Amina Hacıyevanın “Rufian” atı isə III olub.
Mövsümün son yarışı oktyabrın 17-də baş tutacaq.
