Qazaxıstanın Çimkənd şəhərində atletika üzrə XXXV Qosanov Memorialına start verilib. Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 12 ölkəni təmsil edən 200-dən artıq idmançı iştirak edir. İlk yarış günündə mübarizəyə qoşulan atletlərimizdən İlahə Quliyeva və Cabir Əliyev uğurlu çıxışla yadda qalıb. 400 metr məsafəyə qaçışda yarışan Quliyeva 55.18 saniyə nəticə ilə 2-ci yeri tutub. Uzunluğa tullanma növündə mübarizə aparan Cabir Əliyevin göstəricisi 7.38 metr olub. Bu nəticə ilə atletimiz beynəlxalq turnirdə 14 iştirakçı arasında 3-cü olaraq bürünc medal qazanıb.
