ABŞ/İsrail-İran və Rusiya-Ukrayna münaqişəsinin son mərhələsi yeni müharibə fəlsəfəsini əyani şəkildə sübut etdi. Bu fikirləri Nəzər.Media saytına açıqlamasında siyasi şərhçi Nəzərbəy Hacıağayev deyib.
“Artıq münaqişələr zamanı bahalı və gec bərpa olunan silahlar yerini ucuz və tez bərpa olunan silahlarla əvəz edir. Klassik müdafiə üsulları tarixdə qalır. Münaqişə aparan ölkənin əhalisinin sayı və ordusunun şəxsi heyətinin sayı heç bir şeyi ifadə etməyəcək. Şəxsi heyətinin sayı az olsa da, ancaq texnologiyası daha müasir olan ordular daha üstün ordular sayılacaq. Artıq ABŞ-ın əməliyyatlar zamanı yeni modernləşdirilmiş “LUCAS” modeli PUA-lardan istifadə etdiyi müşahidə olunur. Bu PUA-ların isə qiyməti cəmi 35 000 ABŞ dollarıdır. Bu o demək deyil ki, böyük dövlətlər bundan sonra kiçik dövlətlər qarşısında diz çökəcək. Əgər böyük dövlətlər silah sənayesinin doktrinasını qısa zamanda dəyişməyə nail olsa, yenə onların böyüklüyü özünü təcəssüm etdirəcək. Əsgəri daha cəsur olan yox, mühəndisi daha ağıllı olan orduların dönəmi gəlir. Bundan sonra ordular xüsusi təyinatlı hazırlamaqla yanaşı mühəndis, Aİ mütəxəssisi, proqramçı, kiber hücumdan müdafiəni bilən və kiber hücum etməyi bacaran, texnologiyanı A-dan Z-yə bilən şəxslərin hazırlanmasına daha maraqlı olacaq. Hətta mən deyirəm ki, biz şəxsi heyətin itkisini minimuma endirəcək robot əsgərləri də döyüş meydanlarında görəcəyik. Bütün bunların fonunda yerləşdiyimiz coğrafiyanı nəzərə alsaq, təhdidləri nəzərə alsaq, biz də Azərbaycan olaraq yeni münaqişə taktikalarına və strategiyalarına hazır olmalıyıq.”-deyə Nəzərbəy Hacıağayev bildirib.
//Nəzər.Media
