Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində “Neftçi” “Palms Sports Arena”da “Şəfa”nı qəbul edib. Nəzər.Media xəbər verir ki, matç “ağ-qaralar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra “Neftçi”nin qapıçısı və kapitanı Emil Balayev, eləcə də “ağ-qaralar”ın yeni xorvatiyalı futbolçusu Viçko Şevel oyun haqqında təəssüratlarını bölüşüblər.
İlk öncə jurnalistlərin suallarını “Neftçi”nin kapitanı və qapıçısı Emil Balayev cavablandırıb.

– Oyun haqqında fikirlərinizi bilmək istərdik.
– Premyer Liqanın debütantı “Şəfa” ilə oyuna hazırlaşmışdıq. Bilirdik ki, bizim üçün asan olmayacaq, qapanacaqlar. Həqiqətən də Zaur müəllimin işini qeyd etmək lazımdır. Yaxşı komanda təşkil edib. Özünüz də gördüyünüz kimi, birinci hissə bizim üçün çox çətin keçdi. Uzaq məsafədən qol vurduq və ikinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxdıq. Şükürlər olsun ki, bundan sonra təşəbbüsü ələ alıb qələbə qazana bildik.
– Demək olar ki, hesab bərabərləşəndən sonra komanda ayıldı?
– Ayılmaq deməzdim. İkinci hissənin ilk 15 dəqiqəsinə qədər rəqib komanda bizim futbol fəlsəfəmizə cavab verə bilirdi, tab gətirə bilirdi. Ancaq vaxt keçdikcə bizim uşaqlar məşqçinin tapşırıqlarını daha dəqiq yerinə yetirdilər.
– Dörd oyuna 9 xalla startı nə qədər uğurlu saymaq olar?
– Bilirsiniz ki, “Neftçi” hər zaman maksimum nəticə üçün mübarizə aparan komanda olub. Ona görə də biz keçən oyunda da istəyirdik ki, maksimum nəticə ilə bitirək. Çalışdıq, ancaq alınmadı. Yenə də qarşımızda mövsüm var. Önə baxmalıyıq, artıq öz səhvlərimizi analiz edib, onlardan nəticə çıxarıb daha da irəli getməyə çalışmalıyıq.
– Üç tur ardıcıl sizin üçün ağır oyunlar gəlir. “Sabah”la oyundan əvvəl iki çətin səfər oyunu var. Bu oyundan öncə “İmişli” və “Qəbələ” səfərindən maksimum nəticə qazanmaq lazımdır. Bununla bağlı nə deyə bilərsiniz?
– İki tur bizi çətin oyunlar gözləyir. Çətin səfərlər olacaq. Hər iki komanda yaxşı komandadır. Ümumiyyətlə, bu mövsüm süni ot örtüyündə oynamamışıq. Yevlaxda keçiriləcək oyun süni ot örtüklü meydanda olacaq. Amma bundan sonra milli komandanın oyunu ilə bağlı fasilə var. İnşallah, çalışacağıq maksimum nəticə qazanaq. Bizim qarşımızda olan öhdəliklər var, onları yerinə yetirməyə çalışacağıq.
– Şənbə günü olsa da, azarkeş çox az idi. Bu nə ilə bağlı idi?
– Bunu dəqiq deyə bilmərəm. Amma öz adımdan “Forza Neftçi” azarkeşlərinə təşəkkürümü bildirməliyəm. Sağ olsunlar. Onlar həqiqətən fərqlidirlər. Onlar üçün fərqi yoxdur, ev oyunu və ya səfər oyunu olsa belə, gəlib bizi dəstəkləyirlər. Onların dəstəyi bizi daha çox ruhlandırır.
– “Dinamo” ilə oyunda zədələndiniz. Həmin oyundan sonra düşünmədiniz ki, dəyişiklik olsaydı, nəticə fərqli olardı? O qolu da buraxmazdınız.
– Karyeram ərzində mənim çoxlu zədələrim olub. Müəyyən bir dönəmdən sonra insan ağrılarla oynamağa alışmağa başlayır. Mən o zədəni hiss edirdim. Ancaq fikirləşirdim ki, komandama meydanda yardımçı olum. Belə hallar tez-tez olur. Bəli, mənim üçün xoşagəlməz haldır. İki mövsüm əvvəl öz komanda yoldaşımla oyun zamanı toqquşmuşdum. Bir ay yaşıl meydanlardan uzaq düşdüm. Yaxşı ki, qış fasiləsinə düşmüşdü. Ancaq mənim elə bir xarakterim var ki, ağrılara öyrəncəliyəm. İstədim meydanda olum, komandama kömək edim. Ancaq istədiyim kimi alınmadı. Birinci yarıdan sonra gördüm ki, ağrılarım çoxalır, ona görə də əvəz olundum.
– Bu gün 4:1 qazandınız. Daha çox qol vura bilərdiniz. İki tur sonra “Sabah”la oynayacaqsınız. “Sabah” isə “Zirə”ni darmadağın etdi. Sizcə, “Sabah”la oyunda bitiriciliyin olmaması sizə problem yarada bilərmi?
– Hələ önümüzdə “İmişli” komandası var. O barədə düşünürük. Çox yaxşı komandadır. Hazırda olan məqsədimizə nail olaq, ondan sonra “Sabah” barəsində düşünərik. Hələ qarşıda milli komandanın oyunu ilə bağlı fasilə də var. O, milli fasiləsindən sonra olan bir oyundur. İnşallah, gələn müsahibələrdə o oyundan danışarıq.
Daha sonra “ağ-qaralar”ın yeni xorvatiyalı dayaq yarımmüdafiəçisi Viçko Şevel oyun haqqında jurnalistlərin suallarını cavablandırıb.

– Oyun haqqında fikirlərinizi bilmək istərdik.
– Düşünürəm ki, oyuna ilk saniyədən sona kimi biz hakim olduq. Daha yaxşı komanda idik və layiqincə qazandıq. Bir neçə dəfə də top dirəyə dəydi. Fikrimcə, daha çox qol da vura bilərdik. Bu möhtəşəm komandaya gəldiyim üçün çox xoşbəxtəm. “Neftçi” formasında ilk oyunumu – debütümü keçirdiyim üçün qürur duyuram.
– Komanda, azarkeşlər, stadion, atmosfer barədə nə deyərdiniz?
– Deyə bilərəm ki, stadion və azarkeşlər həqiqətən heyranedicidir. Komanda da çox güclüdür. Burada real keyfiyyət var. Bəli, burada olduğum üçün çox məmnunam. Düşünürəm ki, növbəti oyunu da qazanıb, sonra milli komanda fasiləsinə xoş əhval-ruhiyyə ilə gedə bilərik.
– Nə vaxt əsas heyətdə olacağınızı deyə bilərsiniz? Uyğunlaşmaq üçün nə qədər vaxt lazımdır?
– Məşqçi ilə danışdım. Gəldiyim yerdəki futbolla, Şotlandiya futbolu ilə Azərbaycan futbolu bir-birindən fərqlidir. Düşünürəm ki, uyğunlaşmaq üçün bir az vaxt lazımdır, amma çox çalışıram və təbii ki, oynamaq istəyirəm. Amma məşq etməliyəm. Məşqçi məndən razı olanda oynayacağam.
– Bakı şəhəri xoşunuza gəlir?
– Xoşuma gəlir, amma hələ şəhəri görməmişəm. Hər gün məşqim var, ona görə gəzməyə, ləzzət almağa vaxt olmadı. Ancaq gördüklərim və eşitdiklərim həqiqətən yaxşıdır. Əvvəlcə meydan və məşq gəlir, qalan hər şey sonra. Ən azı buranın havası Şotlandiyadan daha çox xoşuma gəlir, dərhal hiss olunur.
– Yağış yoxdur.
– Bəli, yağış yoxdur. Baxmayaraq ki, gəldiyim gün hava çox yağışlı idi.
– Bura gəlməzdən əvvəl buradakı futbolçularla danışmışdınız?
– Bu liqada oynayan bəzi futbolçularla danışdım. Hər biri müsbət sözlər dedi. Dedilər ki, çox yaxşıdır. Ona görə bura gəlmək qərarına gəldim.
// Nəzər.Media
