Peşəkar Çövkən Liqasının 13-cü turu bəzi qaranlıq məsələlərə aydınlıq gətirib. Turun mərkəzi qarşılaşmasında “Polad” gözlənilmədən “Zəfər”ə uduzub. ARAF-dan Nəzər.Media saytına verilən məlumata görə, ilk hissə yarıya çatar-çatmaz “Zəfər”in vurduğu 2 qol oyunda həlledici olub.
Düzdü, “Polad” dərhal qollardan birinin əvəzini çıxıb. Fasilədən sonra isə ikincisini vurub. Lakin bundan artığına gücü çatmayıb. Zəfər isə sonadək əzmlə mübarizə apararaq 5-3 hesablı qələbə qazanıb. “Polad” artıq liderdən 8 xal geri qalır.
Turun digər oyunlarında gözlənilməz nəticə olmayıb. “Elite” “Şamaxı”nı, “Omar” isə “Atilla”nı 4-0 hesabı ilə məğlub edib. “Embawood”un “Xəzər”i 4-1 hesabı ilə məğlub etdiyi turda “Sərhədçi” “Buta Golden”in qapısından 3 cavabsız top keçirib.
“Sərhədçi” Vahid Məmmədov 24 qolla sərrast oyunçular siyahısına başçılıq edir. O, “Polad”ın yetirməsi Samir Pirimovu 6 top qabaqlayır.
