UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ” İslandiyanın “Vestri” klubu ilə qarşılaşacaq.
Nəzər.Media milli.az-a istinadən xəbər verir ki,, “Vestri” klubunun baş məşqçisi Daniel Osafo-Badu matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
“Bu, çox həyəcanvericidir. Belə güclü komandaya qarşı oynayacağıq. Komandam üçün çətin matç olacaq. Lakin biz öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik”.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablayıb.
– “Qarabağ”da ötən mövsümlə müqayisədə dəyişikliklər baş verib. Hazırlıq prosesində bunu nəzərə almısınızmı?
– Oyunçular dəyişib, lakin baş məşqçi eynidir. Əminəm ki, yeni transferlər də məşqçinin tələblərinə tez uyğunlaşacaqlar. Oyun planında isə heç nə dəyişməyib. Çempionlar Liqasında gördüyümüz həmin komandadır.
– Püşkatmadan əvvəl bu komandanı tanıyırdınız?
– “Qarabağ”ın Çempionlar Liqasındakı bəzi oyunlarını izləmişəm. Onlar barədə əvvəlcədən də məlumatlı idim.
– Püşkatmadan sonra futbolçularınız rəqibin “Qarabağ” olmasına sevinirdilər. Bu, nə ilə bağlı idi?
– Azərbaycan çox gözəl ölkədir. Futbolçularım belə bir komanda ilə oynayacaqları üçün çox həyəcanlı idilər. Bu, bizim qarşılaşa biləcəyimiz ən güclü rəqibdir.
– Bəs hansı üstünlükləriniz hesabına növbəti mərhələyə adlaya bilərsiniz?
– Planlarımı açıqlamaq istəmirəm. “Qarabağ” topla aktiv oynayır, hücum edir və texnikalıdır. Bəlkə də, biz daha çox əks-hücumlarda çıxış edəcəyik. Qısaca olaraq yalnız bunu deyə bilərəm.
