Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov 18–21 avqust 2026-cı il tarixlərində Gürcüstana işgüzar səfər edəcək.
Nəzər.Media xəbər verir ki, səfər çərçivəsində Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, Marneulidə yaşayan azərbaycanlı gənclər, Gürcüstan Qan Donorları Assosiasiyası, Tbilisi Mərkəzi Qan Bankının nümayəndələri ilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüşlər zamanı Azərbaycan və Gürcüstan arasında könüllü qan donorluğu sahəsində əməkdaşlıq imkanları, irsi qan xəstəlikləri ilə mübarizə istiqamətində təcrübə mübadiləsi, birgə maarifləndirmə layihələrinin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə ediləcək.
Səfərin əsas məqsədi iki qonşu ölkənin vətəndaş cəmiyyəti institutları arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qan donorluğu sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və hemofiliya, talassemiya kimi irsi qan xəstəlikləri ilə bağlı birgə təşəbbüslərin formalaşdırılmasıdır.
Qeyd edək ki, Qan Donorları Assosiasiyası uzun illərdir könüllü qan donorluğunun təşviqi, irsi qan xəstəlikləri ilə bağlı ictimai maarifləndirmə və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində fəaliyyət göstərir.
//Nəzər.Media
