Keçmiş SOCAR əməkdaşı ilə bağlı qalmaqal: şirkətə qarşı ciddi ittihamlar səsləndirildi
Ölkə gündəmində müzakirələrə səbəb olan keçmiş SOCAR departament rəhbəri Adnan Əhmədzadə və onunla əlaqəli olduğu iddia edilən şirkətlər barədə yeni şikayət ortaya çıxıb. Marketlər şəbəkəsinə sahib olduğu bildirilən Əhmədzadənin ərzaq məhsulları satışı ilə məşğul olan MMC-lər vasitəsilə qanunazidd fəaliyyətlər göstərdiyi iddia edilir.
Şikayətçi, vətəndaş Rzayeva Günay Elxan qızı Azmedia.Az-a müraciət edərək bildirib ki, o, Əhmədzadəyə məxsus olduğu iddia edilən “Ceylan” MMC-də çalışıb və əmək hüquqlarının kobud şəkildə pozulduğunu iddia edir. Onun sözlərinə görə, şirkət tərəfindən əmək müqaviləsi onun xəbəri olmadan dəyişdirilib və daha sonra əsassız şəkildə işinə xitam verilib.
Rzayevanın iddiasına əsasən, şirkətin direktoru Fuad Əliyev və İnsan Resursları üzrə əməkdaş Şəhla Cabbarlı bu prosesdə məsuliyyət daşıyır. Şikayətçi bildirir ki, onun imzası saxtalaşdırılıb, adından saxta sənədlər hazırlanıb və guya məzuniyyətdə olması ilə bağlı ərizə tərtib edilib.
O, həmçinin qeyd edir ki, işlədiyi müddət ərzində ona ödənilməli olan ümumilikdə 9 549 manat əmək haqqı və digər ödənişlər mənimsənilib. Bununla yanaşı, işsiz qalması, sosial təminatının itirilməsi və qeyri-rəsmi maaş ödənişləri səbəbindən ona dəyən ümumi maddi ziyanın daha böyük olduğu bildirilir.
İddialara görə, şirkətdə əmək haqqının bir hissəsi rəsmi, digər hissəsi isə “bonus” adı ilə qeyri-rəsmi şəkildə verilib ki, bu da vergidən yayınma halları ilə nəticələnib və işçinin pensiya kapitalına mənfi təsir göstərib.
Şikayətçi məsələ ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə tərəfindən 7 aprel tarixində iş üzrə ekspertiza təyin olunması barədə qərar verilsə də, onun sözlərinə görə, proses hələ də icra olunmayıb və araşdırma uzadılır.
Rzayeva bildirir ki, artıq 5 aydır işsizdir və məhkəmə prosesi davam etdiyi üçün yeni iş tapmaqda çətinlik çəkir. O, aidiyyəti dövlət qurumlarından, o cümlədən ölkə rəhbərliyindən məsələnin nəzarətə götürülməsini və obyektiv araşdırılmasını xahiş edir.
Şikayətçi əlavə olaraq iddia edir ki, qarşı tərəf müxtəlif dövlət qurumlarında təsir imkanlarının olduğunu bildirərək onu təzyiq altında saxlamağa çalışıb.
Qeyd edək ki, səsləndirilən ittihamlarla bağlı qarşı tərəfin mövqeyi hələlik məlum deyil. Media olaraq qarşı tərəfin də rəyini işıqlandırmağa hazırıq.

Azmedia.AZ
