“Məsələn, hər doğulan uşağa birdəfəlik ödəniş verilməsi ilə yanaşı, müəyyən yaşa qədər aylıq uşaq müavinəti, bağça xərclərinə güzəşt, çoxuşaqlı ailələr üçün vergi və kommunal güzəştləri tətbiq edilə bilər. Xüsusilə aztəminatlı ailələr üçün daha geniş dəstək mexanizmi qurmaq mümkündür. Amma burada çox vacib məqam var. Uşaq pulu elə müəyyən edilməlidir ki, dövlət büdcəsinə idarəolunmaz yük yaratmasın və eyni zamanda ailə üçün real dəstək olsun. Bunun üçün universal ödənişlərlə yanaşı, gəlir səviyyəsinə görə diferensial yanaşma da nəzərdən keçirilə bilər. Məsələn, hər uşağa baza ödənişi, aşağı gəlirli və çoxuşaqlı ailələrə isə əlavə müavinət verilə bilər”.
“Əslində, doğum səviyyəsinin artırılması üçün ən effektiv siyasət “uşaq doğulana görə pul” deyil, “uşaq böyütmək ailəyə ağır maliyyə yükü olmasın” prinsipinə əsaslanmalıdır. Mənzil problemi, uşaq bağçalarının çatışmazlığı, qadınların iş və ailə arasında seçim qarşısında qalması kimi problemlər həll edilmədən yalnız uşaqpulu ilə ciddi demoqrafik dönüş yaratmaq çətin olacaq. Ona görə Azərbaycanda uşaq pulu məsələsinin yenidən gündəmə gəlməsi tamamilə real görünür. Xüsusilə doğum və nikah göstəricilərində azalma davam edərsə, hökumətin demoqrafik siyasət çərçivəsində yeni maliyyə mexanizmləri tətbiq etməsi zərurətə çevrilə bilər. Sinqapur təcrübəsindən çıxarılan əsas nəticə də budur – demoqrafik problemi bir ödənişlə deyil, ailəyə uzunmüddətli və kompleks dəstək sistemi yaratmaqla həll etmək mümkündür”, -deyə ekspert bildirib.
Qeyd edək ki, Azərbaycanda ümumi qaydada bütün uşaqlara şamil olunan uşaq pulu mövcud deyil. Hazırda Azərbaycanda uşaq pulu yalnız beşdən çox uşağı olan qadınlara verilir. Ölkədə beşdən çox uşaq doğub tərbiyə edən qadınlara verilən müavinəti hazırda 2 939 nəfər alır.
Müavinətin verilməsi üçün uşaqların sağ olması şərtdir. Hüquq yarandıqdan sonra müavinət həmin hüququn yaranmasına səbəb olan uşaq 1 yaşına çatdıqda təyin olunur.
Hazırda bu müavinətin məbləği hər uşaq üçün 140 manat təşkil edir.
