“Kriminal” verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb.
Nəzər.Media Modern.az-a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq.
Onun sözlərinə görə, bu qərar sentyabrın əvvəlində, məzuniyyətdən qayıtdıqdan sonra ona bildirilib və səbəb kimi “vəzifə ixtisarı və kanalın strukturunun dəyişdirilməsi” göstərilib.
“Bu gün də suallarım qalır və onlara cavab gözləyirəm” deyə, aparıcı qeyd edib.
C.Həmidov hazırda ARB-də fəaliyyətini davam etdirdiyini, çəkilişlərin getdiyini və yeni mövsüm üçün buraxılışların hazırlandığını bildirib.
O, kanalda 20 ilə yaxın fəaliyyət göstərdiyini xatırladaraq, ayrılma qərarının onun üçün ağır olduğunu vurğulayıb:
“20 ilə yaxın müddətdən sonra verilən qiymətə sadəcə heyranam. Söz tapmıram, çox çətin hissdir. Çox təəssüf edirəm”.
Qeyd edək ki, Ceyhun Həmidov uzun illərdir “Kriminal” verilişinin aparıcısı kimi fəaliyyət göstərir.
