Bakıda talassemiyalı pasiyentlərin müalicəsi üçün zəruri qan ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə üçgünlük könüllü qanvermə aksiyası keçirilib.
Nəzər.Media xəbər verir ki, səhiyyə Nazirliyinin Respublika Qan Bankının dəstəyi ilə “28 Mall”da baş tutan aksiya Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi, Qan Donorları Assosiasiyası və “PASHA Malls”un birgə təşkilatçılığı ilə həyata keçirilib.
28–30 avqust tarixlərini əhatə edən aksiyanın əsas məqsədi qan ehtiyatlarının artırılmasına töhfə vermək, mütəmadi qan köçürülməsinə ehtiyacı olan talassemiyalı pasiyentlərə dəstək olmaq və cəmiyyətdə könüllü qan donorluğunun əhəmiyyəti barədə məlumatlılığı artırmaqdır.
Aksiya çərçivəsində paytaxt sakinləri könüllü şəkildə qan verərək talassemiyalı pasiyentlərə dəstək nümayiş etdiriblər.
Təşkilatçılar bildiriblər ki, bu cür qanvermə aksiyalarının mütəmadi keçirilməsi qan ehtiyatlarının artırılması, könüllü donorluq mədəniyyətinin təşviqi və qan köçürülməsinə ehtiyacı olan insanların vaxtında qanla təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

