23-27 avqust tarixlərində Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən Xatuna Narimanidze adına III Beynəlxalq Oxatma Turniri başa çatıb. Təntənəli mükafatlandırma mərasimi ilə yekunlaşan beynəlxalq turnirdə Azərbaycanın gənc idmançıları yüksək nəticələr göstərərək 5 gümüş və 2 bürünc medal qazanıblar.
Azərbaycan daxil olmaqla ümumilikdə 9 ölkədən (Gürcüstan, ABŞ, Ermənistan, Litva, Latviya, Qazaxıstan, Qırğızıstan, Tacikistan) 103 oxatanın mübarizə apardığı mötəbər yarışda idmançılarımız uğurlu çıxışları ilə diqqət çəkiblər. U-15 kateqoriyasında 40 metr məsafədə fərdi yarışan Hüseyn Məhərrəmov Qazaxıstan təmsilçisi ilə gərgin mübarizənin sonunda turnirin gümüş medalına sahib olub. U-18 kateqoriyasında 60 metr məsafədə oğlanlar arasında komanda yarışında çıxış edən Nurlan Rəhimli və Sərdar Vəliyev cütlüyü Qazaxıstan təmsilçiləri ilə qarşılaşmada gümüş medal əldə ediblər. Eyni kateqoriyada qarışıq komanda növündə 60 metr məsafədə mübarizə aparan Sərdar Vəliyev və Yağmur Qurbanlı Qazaxıstan oxatanları ilə görüşün yekununda gümüş medala yiyələniblər. Qızlar arasında U-15 kateqoriyasında 40 metr məsafədə komanda yarışında güclərini sınayan Selcan Məmmədli və Sona Rüstəmli isə gürcüstanlı rəqiblərinə qalib gələrək bürünc medalı ölkəmizə qazandırıblar.

