Meksikanın Oaxaca ştatında jurnalist Fransisko Alexandro Leyva restoranda səhər yeməyi yeyərkən silahlı hücuma məruz qalıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə San Pablo Etla qəsəbəsində baş verib.
Jurnalist aldığı güllə yaralarından hadisə yerində ölüb. Hücum zamanı restoranda olan bir qadının da yaralandığı bildirilib. Oaxaca ştatının rəhbərliyi qətli pisləyərək işin hərtərəfli araşdırılması barədə göstəriş verib. Bildirilib ki, istintaq söz azadlığına qarşı törədilən cinayətləri araşdıran federal qurumlarla birgə aparılacaq. “Sərhədsiz Reportyorlar” təşkilatının məlumatına görə, Leyva 2026-cı ildə Meksikada qətlə yetirilən yeddinci jurnalistdir.
Qeyd olunur ki, o, son paylaşımında yerli festivalın təşkili ilə bağlı tənqidi fikirlər səsləndirmişdi.
//Nəzər.Media
