Bakıda keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi başa çatıb. Kişilərin mübarizəsində 80 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Əliyev fəxri kürsünün birinci pilləsinə qalxıb. Qızıl medala sahib olan güləşçimiz Əliyev öz təəssüratlarını Nəzər.Media saytı ilə bölüşüb.
“Bu yarışa çox güclü hazırlaşmışdıq. Bir mərhələmiz qalıb. Yunanıstanda keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının V mərhələsində iştirak edəcəyik. Orada ciddi hazırlaşacağam. İnşallah, orada uğurlu nəticə əldə edəcəyəm. Məqsədim həm çimərlik güləşi, həm də sərbəst güləş yarışlarında Avropa, Dünya və Olimpiya çempionu olmaqdır”, – deyə Vüsal Əliyev bildirib.
Əliyev yarışın Bakıda keçirilməsinin müsbət tərəflərindən də bəhs edib.
“Yarışın Azərbaycanda keçirilməsi bizim üçün çox müsbət nəticələrə səbəb oldu. Öz doğma vətənimizdə idik. Belə rahatçılıq xaricdə olanda olmur. Görüşlər zamanı azarkeş dəstəyi var idi. Dəstəkləyən hər kəsə təşəkkür edirəm”, – deyə qalib güləşçimiz bildirib.
//Nəzər.Media
