ABŞ İranda yeni hava zərbələri endirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, iki ölkə arasında gərginlik yenidən artıb.
Hadisələrə Hörmüz boğazında ticarət gəmisinin vurulması səbəb olub. İran daha sonra boğazın bağlandığını elan edib. ABŞ isə boğazın bütün gəmilər üçün açıq olduğunu açıqlayıb. Ardınca ABŞ ordusu İranda 140-a yaxın hərbi hədəfə zərbələr endirib. Hücumlarda raket bazaları, hərbi obyektlər və sursat anbarlarının vurulduğu bildirilib. İran buna cavab olaraq Körfəz bölgəsindəki ABŞ hərbi bazalarını hədəfə alıb.
Məlumata görə, İordaniya, Qətər və Omandakı bəzi hərbi obyektlərə zərbələr endirilib. Qətər hücumların böyük hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısının alındığını açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri isə raketlərin ölkə ərazisinə çatmadığını bildirib. Son saatlarda İranın Keşm adası və Bəndər-Abbas şəhərində də partlayışlar qeydə alınıb. Tehran bu hücumlara görə ABŞ-ni ittiham edib. Bölgədə qarşıdurmanın daha da genişlənəcəyi ehtimalı yüksək qiymətləndirilir. Gərginliyin yaxın vaxtlarda azalacağına dair hələlik ciddi əlamət görünmür.
//Nəzər.Media
